Fon der Lyayen: Avropa İttifaqı Yaxın Şərqdəki hadisələrin nəticələrinə hazır olmalıdır
- 02 mart, 2026
- 15:16
Avropa İttifaqı Yaxın Şərqdə gərginliyin azaldılması və münaqişənin daha da genişlənməsinin qarşısının alınması üçün səylərini əsirgəməməlidir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsseldə bəyan edib.
O, Yaxın Şərqdəki vəziyyətin qeyri-sabit olaraq qaldığını və dərin narahatlıq doğurduğunu vurğulayıb.
"Son saatlar ərzində biz çoxsaylı hücumların, o cümlədən Britaniyanın Kiprdəki aviabazasına PUA hücumunun və "Saudi Aramco"nun neft təsisatına hücumun şahidi olduq. Mən İranın və onun müttəfiqlərinin regiondakı suveren ərazilərə hücumlarını qətiyyətlə pisləyirəm", - fon der Lyayen bəyan edib və yenidən münaqişənin diplomatik yolla həllinə çağırıb.
O əlavə edib ki, İran ətrafındakı vəziyyət və nüvə enerjisi də daxil olmaqla energetika, nəqliyyat, miqrasiya və təhlükəsizliyə təsirin nəticələri bu gün günortadan sonra Avropa Komissiyasının kollegiya iclasında müzakirə olunacaq.
"Avropa İttifaqı bu hadisələrin nəticələrinə hazır olmalıdır", - o bildirib.