ECOWAS ölkələri 2026-cı ilin sonuna qədər çevik reaksiya qüvvələri yaradacaq

Digər ölkələr
  • 15 dekabr, 2025
  • 01:21
ECOWAS ölkələri 2026-cı ilin sonuna qədər çevik reaksiya qüvvələri yaradacaq

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) 2026-cı ilin sonuna qədər 1 650 nəfərlik terrorizmə qarşı mübarizə briqadasını da əhatə edən çevik reaksiya qüvvələri yaradacaq.

"Report"un "Vanguard" qəzetinə istinadən məlumatına görə, ECOWAS sədri, Syerra-Leonenin Prezidenti Julius Maada Bio bu barədə regional birliyin Nigeriyanın paytaxtı Abucada keçirilən sammitində bildirib.

Onun sözlərinə görə, hazırkı sammit tarixi hadisədir, çünki Qərbi Afrika ölkələri müstəqillik qazandıqdan bəri ən ciddi təhlükəsizlik və iqtisadi çətinliklərlə üzləşirlər. Terrorizm və mütəşəkkil cinayətkarlıq inkişaf səylərini sarsıdır.

ECOWAS sədri həmçinin region ölkələrinin 2027-ci ilə qədər strateji prioritet olaraq vahid valyuta tətbiq etməyi hədəflədiyini açıqlayıb.

"Bu, bank köçürmə xərclərini azaldacaq, ticarəti genişləndirəcək və birlik ölkələrinin rəqabət qabiliyyətini artıracaq", - o vurğulayıb.

ECOWAS 1 yanvar 2026-cı ildən etibarən hava nəqliyyatında rüsumları ləğv edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti