Dubay aeroportu dron səbəbindən uçuşları dayandırıb
- 16 mart, 2026
- 06:22
Dubay Mülki Aviasiya İdarəsi pilotsuz uçuş aparatının iştirakı ilə baş vermiş hadisə və bunun ardınca yanacaq çəninin alışmasından sonra əmirliyin beynəlxalq hava limanında aviareyslərin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidmətindən bildirilib.
"Dubay Mülki Aviasiya İdarəsi Dubay Beynəlxalq Hava Limanında reyslərin qəbulu və yola salınmasının müvəqqəti dayandırılması barədə məlumat verir. Bu tədbir qabaqlayıcı xarakter daşıyır və sərnişinlərin, eləcə də heyətin təhlükəsizliyinin təmin edilməsinə yönəlib", - məlumatda qeyd olunub.
Sərnişinlərə reyslərin aktual statusunu dəqiqləşdirmək üçün birbaşa öz daşıyıcılarına müraciət etmələri tövsiyə olunur.
Bundan bir qədər əvvəl Dubay aeroportu ərazisində yanğın baş verib, buna səbəb pilotsuz uçuş aparatı ilə bağlı insident nəticəsində yanacaq çəninin zədələnməsi olub. Hazırda yanğın nəzarətə alınıb, xəsarət alanlar barədə məlumat daxil olmayıb.