Dövlət Departamenti: ABŞ İranla müharibəyə hazırlaşmır

Digər ölkələr
  • 18 iyul, 2023
  • 19:45
Dövlət Departamenti: ABŞ İranla müharibəyə hazırlaşmır

“ABŞ-nin Yaxın Şərqə əlavə “F-16” və “F-35” döyüş təyyarələri, eləcə də təyyarədaşıyan gəmi göndərməsi İranla müharibəyə hazırlaşmaq demək deyil”.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Müdafiə Nazirliyi davam edən təhdidlər fonunda, tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiya əsasında Hörmüz boğazını və ona bitişik suları izləmək qabiliyyətini artırmaq üçün bölgədə mövcudluğunu artırır. Biz İranı sabitliyi pozan, dünya neft tədarükünün təqribən 20 %-nin keçdiyi bu kritik dəniz yolu ilə azad ticarəti təhdid edən hərəkətləri dərhal dayandırmağa çağırırıq”, - Miller əlavə edib.

Bundan əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, ABŞ “vəziyyəti izləmək və ölkənin maraqlarını, eləcə də regionda naviqasiya azadlığını qorumaq” üçün “USS Thomas Hubner” təyyarədaşıyan gəmisini “F-35” və “F-16” qırıcıları ilə birlikdə Hörmüz boğazına göndərəcək.