Daşkənddəki beynəlxalq konfransda Əmir Teymurun dünya elminə və mədəniyyətinə töhfəsi müzakirə edilib
- 09 aprel, 2026
- 11:25
Özbəkistanda Əmir Teymurun anadan olmasının 690 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın plenar iclasının birinci hissəsi başa çatıb.
"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, iclasda beynəlxalq təşkilatların, elmi mərkəzlərin və akademik ictimaiyyətin nümayəndələri çıxış edərək Əmir Teymur irsinin və o dövrün dünya sivilizasiyası üçün əhəmiyyətini vurğulayıblar.
TÜRKSOY-un Baş katibi Sultan Rayev qeyd edib ki, Özbəkistan tarixən Böyük İpək Yolunun mərkəzində yerləşib və dünya sivilizasiyasının formalaşmasında mühüm rol oynayıb: "Biz bu irsi diqqətlə qorumalı və gələcək nəsillərə ötürməliyik. Böyük Teymurun irsi əbədi yaşayacaq".
"Oxford Centre for Islamic Studies"in sədri, professor Fərhan Nizami çıxışında beynəlxalq akademik əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, mərkəz uzun illərdir regionun elmi qurumları ilə əməkdaşlıq edir və İmam Buxari adına təqaüdlər daxil olmaqla birgə proqramlar həyata keçirir.
Onun sözlərinə görə, sivilizasiya irsinin öyrənilməsi mədəniyyətlər arasında daha yaxşı qarşılıqlı anlaşmaya kömək edir.
IRCICA-nın Baş direktoru Mahmut Erol Kılıç Əmir Teymurun şəxsiyyətinə və onun dövrünə elmi marağın artdığını qeyd edib. O vurğulayıb ki, müasir tədqiqatlar Əmir Teymurun təkcə siyasi və hərbi fəaliyyətini deyil, həm də şəhərlərin, ticarətin, mədəniyyətin və mənəvi həyatın inkişafına töhfəsini daha dərindən dərk etməyə imkan verir.
Türkiyənin Əlyazmalar İdarəsinin direktoru Coşkun Yılmaz əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib və iştirakçıları Türkiyənin unikal əlyazma fondları ilə tanış olmağa dəvət edib.
O qeyd edib ki, milli kitabxanalarda İmam Buxari ilə bağlı 10 mindən çox əsər daxil olmaqla minlərlə dəyərli əlyazma saxlanılır.
Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun direktoru İrina Popova beynəlxalq mədəni əməkdaşlığa diqqət yönəldib.
Onun sözlərinə görə, İslam Sivilizasiyası Mərkəzinin yaradılması zəngin mənəvi irsin ölkənin müasir inkişafı ilə birləşdirilməsində mühüm addım olub.
Əlavə edib ki, Əmir Teymur təkcə güclü dövlət yaratmayıb, həm də o dövrün alimlərini və ustalarını cəlb edərək elm və mədəniyyətin inkişafına kömək edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Əmir Teymur irsinin təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşıdığını qeyd edib: "Onun hakimiyyəti dövründə elm, mədəniyyət və iqtisadiyyat fəal şəkildə inkişaf edib ki, bu da sivilizasiyanın sonrakı inkişafı üçün əsas yaradıb. Bugünkü konfrans bu irsin daha da öyrənilməsi üçün mühüm platformadır".