Daşkənddə "İspaniya – S5+Azərbaycan" forumu keçiriləcək
- 29 iyul, 2026
- 09:34
"İspaniya - S5+Azərbaycan" beynəlxalq forumu bu il Daşkənddə baş tutacaq.
"Report" Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir ki, qurumun nümayəndələri bu məsələni İspaniya səfirliyinin əməkdaşları ilə müzakirə ediblər.
"Tərəflər tədbirin keçirilməsi ilə bağlı təşkilati məsələləri, eləcə də onun proqramını nəzərdən keçiriblər. Forumun yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında, investisiya layihələrinin təşviqində və müasir aqrotexnologiyaların tətbiqində maraqlı olan sahibkarlar, investorlar və kənd təsərrüfatı sektorunun işgüzar dairələrinin nümayəndələri üçün platforma olacağı gözlənilir", - məlumatda bildirilib.
Kənd təsərrüfatında innovasiyaların və s. tətbiqinin genişləndirilməsində forumun roluna xüsusi diqqət yetirilib. Xüsusilə, tərəflər suya qənaət edən texnologiyalar, intensiv bağçılıq, qida sənayesi və aqrar təhsil sahələrində İspaniya təcrübəsinin öyrənilməsi imkanlarını müzakirə ediblər.
Özbəkistan və İspaniya nümayəndələri forumun keçirilməsinin aqrar sahədə tərəfdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə və iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.