"Daily Telegraph": "X" sosial şəbəkəsi Britaniyada qadağan edilə bilər
- 09 yanvar, 2026
- 06:55
Böyük Britaniya hakimiyyəti süni intellektli "Grok" çatbotu tərəfindən yaradılan görüntülərə görə "X"ə qarşı sərt tədbirlər görə bilər, o cümlədən onu Böyük Britaniyada qadağan edə bilər.
"Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, söhbət sosial şəbəkəyə inteqrasiya olunmuş çatbotun istifadəçilərin istəyi ilə yaratdığı qadın və uşaqların açıq-saçıq şəkillərindən gedir. Nəşr qeyd edib ki, sözdə "deepfake"lər artıq Britaniya taxtının varisinin həyat yoldaşı, Uels şahzadəsi Ketrinin, britaniyalı məşhurların, kabinet nazirlərinin və millət vəkillərinin həyatına təsir göstərib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer "Greatest Hits Radio"ya verdiyi açıqlamada media tənzimləyicisi "Ofcom"a mümkün variantları araşdırmağı tapşırdığını bildirib.
""X" bu vəziyyəti nəzarət altına almalıdır və "Ofcom" buna qarşı tədbir görməkdə tam dəstəyimizə malikdir. Bu, səhvdir, qanunsuzdur və biz buna dözməyəcəyik. Mən bütün mümkün tədbirlərin nəzərdən keçirilməsini əmr etmişəm".
Hökumət mənbələri "The Daily Telegraph"a bildiriblər ki, İnternet Təhlükəsizliyi qanununa əsasən məhdudiyyətlər mövcuddur. Bunlara milyardlarla funt sterlinq məbləğində cərimələr və ya ölkə daxilində sosial şəbəkəyə girişin bloklanması daxildir.