Çin "Fengyun-3H" meteoroloji peykini uğurla orbitə çıxarıb
- 27 sentyabr, 2025
- 05:45

Çin meteoroloji müşahidələr üçün nəzərdə tutulmuş "Fengyun-3H" peykini uğurla orbitə çıxarıb.
"Report"un məlumatına görə, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.
Korporasiyanın "WeChat" sosial şəbəkəsindəki səhifəsində qeyd olunub ki, buraxılış şənbə günü Pekin vaxtı ilə saat 03:28-də (Bakı vaxtı ilə 23:28) ölkənin şimalındakı Ciuçüan kosmodromundan CZ-4C raketi ilə həyata keçirilib.
Bildirilib ki, ikinci nəsil "Fengyun-3H" peyki öz sələfi "Fengyun-3D"ni əvəz edəcək. Yeni aparat sinoptiklər tərəfindən istifadə olunan meteoroloji məlumatların yenilənmə dövrünü 6 saatdan 4 saata endirəcək, proqnozlaşdırma müddətini təxminən 24 saat artıracaq və təbii fəlakətlərin monitorinqinin operativliyini, demək olar, iki dəfə yüksəldəcək. Peyk orta ayırdetməli təsvir spektrometri, hiperspektral infraqırmızı atmosfer zondlayıcısı və mikrodalğalı radiometr daxil olmaqla, doqquz uzaqdan zondlama cihazı ilə təchiz olunub.