Çilidə prezident seçkilərinin ikinci turu keçirilir

Digər ölkələr
  • 14 dekabr, 2025
  • 17:21
Çilidə prezident seçkilərinin ikinci turu keçirilir

Çilidə prezident seçkilərinin ikinci turu çərçivəsində üç mindən çox seçki məntəqəsi açılıb.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, seçici fəallığının 85%-ə qədər olacağı gözlənilir.

Bu qədər yüksək göstərici Cənubi Amerika ölkəsinin sakinləri üçün səsvermənin məcburi olması ilə izah edilir. Əsaslandırılmamış şəkildə iştirakdan imtina isə 100 min pesodan çox cərimə ilə nəticələnə bilər.

Çilidə ali vəzifə uğrunda siyasi spektrin əks qütblərindən olan iki namizəd mübarizə aparır. Birinci turda qalib gələn Canetyi Xara hakim mərkəz-solçu "Çili üçün birlik" koalisiyasını təmsil edir. Seçki proqramında Xara əmək şəraitini yaxşılaşdırmağı, kiçik biznesə dəstək verməyi, sərhəd nəzarətini gücləndirmək üçün ordunu cəlb etməyi, pensiyaları artırmağı, elektrik enerjisi xərclərini azaltmağı və on minlərlə yeni ev tikməyi vəd edib.

Onun əsas rəqibi isə sağçı ultramühafizəkar Respublika Partiyasının lideri, Avqusto Pinoçetin davamçısı və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Xose Antonio Kastdır. O, korporasiyaların mənfəət vergisi dərəcəsini azaltmağı, dövlət xərclərini ixtisar etməyi və qeyri-qanuni miqrasiya ilə mübarizə üçün sərhəd nəzarətini gücləndirməyi vəd edib. Seçki kampaniyası zamanı Kast cinayətkarlıq və miqrasiya ilə mübarizədə böyük ölçüdə Trampın strategiyasına söykənib.

Birinci turda C. Xara səslərin 26,85%-ni, X.A. Kast isə 23,92%-ni qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti