Cənubi Koreya Şimali Koreya gəmisinə atəş açıb
- 26 sentyabr, 2025
- 06:17

Koreya Respublikasının Silahlı Qüvvələri Şimali Koreyaya məxsus ticarət gəmisinin Seulun faktiki dəniz sərhədi hesab etdiyi Sarı dənizdə Şimal Limit Xəttini pozmasından sonra xəbərdarlıq atəşi açıb.
"Report" xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Hadisə yerli vaxtla səhər saat 5:00 radələrində Pennyendo adasının yaxınlığında baş verib. Cənubi Koreya tərəfi ilkin olaraq elektron vasitələrlə xəbərdarlıq yayımlayıb.
Xəbərdarlıq atəşi açıldıqdan sonra Şimali Koreyaya məxsus ticarət gəmisi Cənubi Koreya sularını tərk edib. Qeyd edək ki, Pxenyan Şimal sərhəd xəttini tanımır.
"Silahlı qüvvələrimiz Şimali Koreyanın hərəkətlərini diqqətlə izləyib və əməliyyat təlimatlarına uyğun cavab verib. Biz istənilən vəziyyətə cavab verərək və döyüş hazırlığını qoruyaraq Şimal sərhəd xəttini müdafiə edəcəyik", - Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri əlavə edib.