"CBS News": ABŞ-də təyyarənin şassi bölməsində cəsəd aşkarlanıb
- 29 sentyabr, 2025
- 05:26

"American Airlines" şirkətinin əməkdaşları təyyarənin şassi bölməsində gizlənən sərnişinin cəsədini aşkar ediblər.
"Report"un məlumatına görə, bu barədə "CBS News" telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarə Avropadan Şarlott şəhərinin beynəlxalq hava limanına gəlib. Cəsəd texniki xidmət zamanı aşkar edilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsin öldüyünü təsdiqləyiblər.
"Bu xəbər bizi dərindən kədərləndirdi. İstintaq zamanı polisə lazımi dəstəyi göstərəcəyik", – deyə hava limanı nümayəndəsi "CBS News"a açıqlamasında bildirib. Qeyd olunub ki, hava yolu şirkəti də istintaqla əməkdaşlıq edir.
Kanal vurğulayıb ki, bu, bu, 2025-ci ildə ABŞ hava yollarına məxsus təyyarələrdə biletsiz sərnişinlərin cəsədinin aşkar edildiyi ən azı ikinci hadisədir. Yanvar ayında Nyu-Yorkda Con Kennedi Hava Limanının əməkdaşları şassi bölməsində gizlənən iki sərnişinin cəsədini aşkar ediblər.