Britaniya miqrantların hərbi obyektlərdə yerləşdirilməsi variantını araşdırır
- 07 sentyabr, 2025
- 17:51

Böyük Britaniya hökuməti hazırda otellərdə qalan miqrantların yerləşdirilməsi üçün hərbi obyektlərdən istifadə etməyi düşünür.
"Report"un məlumatına görə, bunu "Sky News" telekanalına müsahibəsində Krallığın Müdafiə Nazirliyinin rəhbəri Con Hili deyib.
"Biz kiçik qayıqlarla gələn insanların müvəqqəti yerləşdirilməsi üçün hərbi və qeyri-hərbi obyektlərdən istifadə imkanlarını nəzərdən keçiririk", - nazir bildirib.
Bazar ertəsi keçmiş daxili işlər naziri, indi isə xarici işlər naziri İvette Kuper hökumətin 2029-cu ildə keçiriləcək növbəti seçkilərə qədər qaçqınların məskunlaşdığı bütün otelləri bağlamaq niyyətini təsdiqləyib. Tənqidçilər israr edirlər ki, tez-tez şəhər mərkəzlərində yerləşən və artan cinayətin səbəbi kimi görülən otellər problemi indi həll olunmalıdır.
Xatırladaq ki, 2024-cü ildə Böyük Britaniyaya 36,8 mindən çox qeyri-qanuni immiqrant qayıqla La-Manş boğazından keçib ki, bu, əvvəlki illə müqayisədə dörddə bir çoxdur.
Rekord göstərici 2022-ci ildə 45,7 mindən çox miqrantın Britaniya sahillərinə çatdığı vaxt qeydə alınıb. Böyük Britaniya hakimiyyəti sığınacaq axtaranları otellərdə yerləşdirmək üçün gündə bir neçə milyon funt sterlinq xərcləyir.