Britaniya Cənubi Koreya sahillərində təlimlər keçirib

Digər ölkələr
  • 09 sentyabr, 2025
  • 09:23
Britaniya Cənubi Koreya sahillərində təlimlər keçirib

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin "Uels Şahzadəsi" adlı aviadaşıyıcısı Cənubi Koreyanın Pusan şəhəri yaxınlığında beynəlxalq sularda təlimlər keçirib.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Britaniyanın Seuldakı səfirliyinə istinadən məlumat yayıb.

Təlimlər zamanı "F-35B" təyyarələri istifadə edilib. Aviadaşıyıcıda 24-ə qədər belə qırıcı yerləşdirilə bilər. Britaniyanın Seuldakı səfiri bildirib ki, bu təlimlər Böyük Britaniyanın Koreya Respublikası ilə əməkdaşlıq səviyyəsini və Londonun strateji tərəfdaşlığı dərinləşdirmək və regionun təhlükəsizlik arxitekturasına əhəmiyyətli töhfə vermək hazırlığını göstərir.

Aviadaşıyıcının ekipajı təxminən 700 nəfərdən ibarətdir, ümumilikdə göyərtəsində 1 600-ə qədər hərbi qulluqçu yerləşdirilə bilər.

Bundan əlavə, Koreya Respublikası və Britaniya hər tərəfdən üç gəminin iştirak etdiyi birgə təlimlər keçiriblər. Onların məqsədi iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında əlaqələndirməni artırmaq olub.