BMT İranla AEBA arasında nüvə yoxlamaları barədə razılıq əldə olunmasını alqışlayıb
- 10 sentyabr, 2025
- 21:33

BMT İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) nüvə yoxlamalarını bərpa etmək barədə razılığını alqışlayıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ötən gün Qahirədə AEBA rəhbəri Rafael Qrossi ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında imzalanmış İranda yoxlamaların bərpasına dair "praktik prosedurlar" barədə razılaşma müsbət addım kimi qiymətləndirilir:
"Bu, İranın hərtərəfli təminat sazişi çərçivəsində tələb olunan tam əməkdaşlığın bərpası istiqamətində irəliləyişdir. Biz razılaşmanın tezliklə icrasını səbirsizliklə gözləyirik və hesab edirəm ki, İranın AEBA ilə tam əməkdaşlığının vacibliyini vurğulamaq önəmlidir. Bu, İranın nüvə proqramının yalnız sülh məqsədli qalmasını təmin edən uzunmüddətli çərçivəyə nail olmaq üçün əsas şərtdir".
Xatırladaq ki, ABŞ və İsrailin iyunda İranın nüvə obyektlərinə zərbələrindən sonra İran parlamenti AEBA ilə əməkdaşlığı dayandırmaq və gələcək yoxlamaları yalnız Ali Milli Təhlükəsizlik Şurasının icazəsi ilə həyata keçirmək barədə qərar qəbul etmişdi. Bu isə agentliyin monitorinq imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı.