BMT Baş katibi ABŞ və İsrailin İrana hücumlarını qınayıb

Digər ölkələr
  • 01 mart, 2026
  • 01:51
BMT Baş katibi ABŞ və İsrailin İrana hücumlarını qınayıb

BMT Baş katibi Antonio Quterreş Yaxın Şərqdə sürətlə genişlənən hərbi qarşıdurmanın beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını bildirib.

"Report"un ABŞ bürosu xəbər verir ki, A. Quterreş bunu BMT Təhlükəsizlik Şurasının İranla bağlı keçirilən fövqəladə iclasında çıxışı zamanı deyib.

Baş katib ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hava zərbələrini, eləcə də İranın cavab hücumlarını qınayıb. O vurğulayıb ki, BMT Nizamnaməsinə əsasən, dövlətlər digər ölkələrin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiq etməməlidir və beynəlxalq humanitar hüquqa əməl olunmalıdır.

Baş katib qeyd edib ki, hücumlar ABŞ və İran arasında Oman vasitəçiliyi ilə aparılan dolayı danışıqların üçüncü raundundan sonra baş verib və Vyanada planlaşdırılan növbəti görüşlər sual altına düşüb.

O, dərhal atəşkəsə, gərginliyin azaldılmasına və xüsusilə İranın nüvə proqramı ilə bağlı danışıqların bərpasına çağırıb. Baş katib bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə və mülki əhalinin qorunmasını təmin etməyə dəvət edib.

Son xəbərlər

Bütün Xəbər Lenti