Bəqai: İran və ABŞ diplomatik prosesin davam etdirilməsi barədə konsensusa nail olub
- 10 fevral, 2026
- 14:50
İran və ABŞ arasında nüvə proqramı üzrə Maskatda (Oman) aparılan danışıqlar Tehrana Vaşinqtonun niyyətlərinin ciddiliyini qiymətləndirməyə imkan verib və tərəflərdə diplomatik dialoqun davam etdirilməsinə marağın olduğunu göstərib.
"Report" "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Fikrimizcə, Maskatdakı görüşün məqsədi qarşı tərəfin (ABŞ - red.) niyyətlərinin ciddiliyini qiymətləndirmək və bundan sonra necə hərəkət etməyi anlamaq idi. Danışıqlardan sonra bizdə diplomatik prosesin davam etdirilməsi ilə bağlı anlaşmaya və konsensusa nail olduq", - Bəqai deyib.
Xatırladaq ki, ötən həftə ABŞ və İran diplomatları Omanın vasitəçiliyi ilə dolayı danışıqlar aparıblar. Görüş ABŞ-nin regionda hərbi mövcudluğunu artırması və Prezident Donald Trampın İrana qarşı hərbi güc tətbiq etmək mümkünlüyü barədə bəyanatları fonunda baş tutub.