Belçikanın müdafiə naziri: Naməlum dronlar F-16-ları və sursatları izləyib
- 03 noyabr, 2025
- 01:51
Belçikanın müdafiə naziri Teo Franken bildirib ki, Klyayne-Brogel hərbi bazası üzərində müşahidə edilən naməlum dronlar qırıcı təyyarələri və sursatları izləyib.
"Report" bu barədə "Politico"ya istinadən məlumat verir.
"Onlar (dronlar - red.) casusluq etməyə, F-16-ların harada olduğunu, döyüş sursatlarının harada olduğunu görməyə və digər strateji əhəmiyyətli məlumatları əldə etməyə gəlirlər", - o bildirib.
Bununla yanaşı, Franken Rusiyanı birbaşa ittiham etməyib, lakin Belçika hava məkanının pozulmasında başqa təqsirkar görmədiyini vurğulayıb.
"Rusiya bunu bütün Avropa ölkələrində etməyə çalışır. Bunu təsdiqləyə bilmərəm, amma motivlər göz qabağındadır və bu cür hərəkətlərin üsulları da çox aydındır", - nazir bildirib.
O, əlavə edib ki, dron müharibəsi həqiqətən davam edir və Belçikanın Müdafiə Nazirliyi buna hazırlaşmalıdır.