Belçika zərbə altında: dron hücumları, DDoS hücumları və çağırışlara zəif reaksiya
- 05 noyabr, 2025
- 21:28
Brüsselin əsas hava limanı və hərbi hava bazasının dron uçuşları səbəbindən bağlanmasından sonra, noyabrın 6-da Belçikada əsas hökumət nazirləri və təhlükəsizlik rəsmilərinin təcili iclası planlaşdırılır.
"Report"un Avropa bürosunun məlumatına görə, Belçika hakimiyyəti bunu əlaqələndirilmiş hücum adlandırıb.
Avropa paytaxtlarında dronların müşahidəsindən sonra hava limanlarının bağlanması barədə məlumatlar yeni normaya çevrilib. Lakin Avropanın bu cür çətinliklərə hazırlıqsız olması göz qabağındadır.
Belçika Hava Naviqasiya Xidmətinin məlumatına görə, Brüsselin "Zaventem" hava limanı əvvəlcə noyabrın 4-də, daha sonra isə bu gün dronların hava limanı üzərində müşahidə edilməsindən sonra bağlanıb. Antverpen, Lyej və Ostend hava limanları da eyni səbəbdən gələn və gedən uçuşları dayandırıb. Valloniyadakı Floren hava bazası da dronların müşahidəsi səbəbindən bağlıdır. Hakimiyyət orqanları iddia edir ki, dronların hərəkətləri hibrid hücum olduğunu göstərir.
Əvvəllər bildirildiyi kimi, oxşar hadisələr digər Avropa paytaxtlarında - Vilnüs, Oslo, Kopenhagen və Münhendə də qeydə alınıb.
Belçika telekommunikasiya operatorları "Proximus" və "Scarlet"in veb saytları DDoS hücumları nəticəsində sıradan çıxıb və Rusiyayönümlü "NoName057" haker qrupu buna görə məsuliyyəti öz üzərinə götürüb. Yerli medianın məlumatına görə, təxminən eyni vaxtda Gent Universitetinin hospitalı da DDoS hücumuna məruz qalıb.
"NoName057" teleqramda "Scarlet", "Proximus" və "Telenet"in daxili portalına qarşı hücumları ilə öyünən yazı paylaşıb. Lakin sonuncu operator bunu təkzib edərək sistemlərinin haker hücumuna məruz qalmadığını iddia edib.
Hakerlər iddia ediblər ki, bu, Belçikanın müdafiə naziri Teo Frankenin Rusiyanın Brüsselə hücum edəcəyi təqdirdə NATO-nun Moskva ilə "əlaqə saxlayacağı" barədə şərhinə cavabdır: "Belçikalı nazirə bu cür açıqlamalar verməməyi məsləhət görürük".
Yerli medianın məlumatına görə, Belçikada digər bəzi obyektlər də kiberhücuma məruz qalıb.