Belçika Transxəzər Dəhlizi və İpək Yoluna görə Özbəkistanda səfirlik açır
- 14 noyabr, 2025
- 21:17
Belçika diplomatik şəbəkəsinin əsaslı şəkildə təkmilləşdirilməsi çərçivəsində Daşkənddə yeni səfirlik açmağı planlaşdırır.
"Report" "Uz Daily"-yə istinadən xəbər verir ki, bunu Belçika baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevost deyib.
Onun sözlərinə görə, Belçika xaricdə təxminən iyirmi missiyasını gücləndirmək, beş yeni nümayəndəlik açmaq və səkkizini bağlamaq niyyətindədir.
Diplomat qeyd edib ki, Daşkənddə səfirliyin açılmasında məqsəd Belçikanın Mərkəzi Asiyada mövqeyini gücləndirməkdir. Belə kli, iqtisadi inkişaf üçün yüksək potensiala malik Transxəzər Dəhlizi və İpək Yolu yeni nəqliyyat marşrutlarının inkişafı üçün strateji əhəmiyyətə malikdir.
"Mərkəzi Asiya investisiya və uzunmüddətli inkişaf baxımından mühüm regiondur. Özbəkistanda səfirliyin açılması Belçikaya regionun iqtisadi və siyasi proseslərində daha fəal iştirak etməyə və ikitərəfli əlaqələri gücləndirməyə imkan verəcək", - Prevost vurğulayıb.