Bart de Vever: Ukrayna üçün "təzminat krediti" ideyasının dəstəklənməsi üçün şərtlərimiz var
- 23 oktyabr, 2025
- 13:10

Belçikanın Baş naziri Bart de Vever dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukrayna üçün "təzminat krediti" ideyasını dəstəkləməyə razılaşacağı üç şərti açıqlayıb.
"Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə oktyabrın 23-də Avropa İttifaqı (Aİ) liderlərinin sammitindən əvvəl jurnalistlərə bildirib.
B.Vever vurğulayıb ki, onu ən çox narahat edən məsələnin hüquqi tərəfidir, çünki məhz Belçikada Rusiyanın dondurulmuş aktivlərinin saxlandığı "Euroclear" depozitarı yerləşir.
O bildirib ki, bu məsələ ilə bağlı Belçikanın üç tələbi var: "Birinci tələb - hüquqi risklərin tam bölüşdürülməsidir. Biz böyük iddialardan zərər çəkə bilərik. Buna görə də, əgər siz bunu etmək istəyirsinizsə, bunu birlikdə etməlisiniz. İkincisi, pulları geri qaytarmaq lazım gələrsə, hər bir ölkənin iştirak edəcəyinə zəmanət istəyirik. Nəticələrin sonradan tam olaraq Belçikanın üzərinə düşməsi imkan verə bilmərik. Üçüncüsü, Belçika istəyir ki, dondurulmuş Rusiya aktivləri olan digər ölkələr də oxşar addımlar atsın".
Baş nazir əlavə edib ki, əgər digərləri bu tələblərlə razılaşmasalar, o zaman o, təzminat krediti haqqında qərarı bloklamaq üçün "əlindən gələni edəcək", çünki bunda böyük risklər görür: "Əlbəttə, əks tədbirlərin necə ola biləcəyini təhlil etmək də lazımdır".
O hesab edir ki, Belçikanın xəbərdarlıqları tamamilə əsaslıdır.