"Axios": ABŞ BMT TŞ-ya Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsini təklif edib
- 04 noyabr, 2025
 - 05:58
 
                            
                            
                        ABŞ rəsmiləri bazar ertəsi BMT Təhlükəsizlik Şurasına bir neçə ölkəyə beynəlxalq sabitləşdirmə qüvvələrinin Qəzza zolağında ən azı iki il qalmasını tələb edən qətnamə layihəsi təqdim ediblər.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərin sənədlə tanış olduğu "Axios" portalı məlumat yayıb.
Nəşrdə qeyd edilib ki, layihə "ABŞ və digər iştirakçı ölkələrə Qəzza zolağının idarə edilməsi və təhlükəsizliyin təmin olunması üçün 2027-ci ilin sonuna qədər uzadılma imkanı ilə geniş səlahiyyətlərin verilməsini" nəzərdə tutur.
Amerika rəsmisi sənədin yaxın günlərdə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacağına aydınlıq gətirib.
Vaşinqton administrasiyası qətnaməyə dair səsvermənin daha sonra keçirilməsini və beynəlxalq qüvvələrin Fələstin anklavına yerləşdirilməsinə yanvara qədər başlanmasını istəyir.
Sənəd layihəsi Qəzza zolağının İsrail və Misirlə sərhədlərinin təhlükəsizliyini təmin edəcək, mülki vətəndaşları və humanitar dəhlizləri qoruyacaq beynəlxalq qüvvələrin formalaşdırılmasını və onların əməkdaşlıq edəcəyi yeni Fələstin polis qüvvələrinin hazırlanmasını nəzərdə tutur.
Bu qüvvələr həmçinin Qəzza zolağının demilitarizasiyası, o cümlədən hərbi, terror və hücum infrastrukturunun dağıdılması və yenidən qurulmasının qarşısının alınması, həmçinin anklavda fəaliyyət göstərən qrupların silahlarının müsadirə edilməsi üçün məsuliyyət daşıyacaqlar.
Qeyd edək ki, ABŞ Azərbaycana müraciət edərək onun Qəzzada təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş edib.