Avropa Komissiyasının prezidenti: Son bir ildə Ukrayna heç bir ərazisini itirməyib
- 30 sentyabr, 2025
- 11:50

Bu gün Rusiyanın Ukraynaya müdaxiləsindən 3 il 7 ay ötür, lakin son bir il ərzində Ukrayna demək olar ki, heç bir ərazisini itirməyib, halbuki döyüş meydanında 250 mindən çox rusiyalı həlak olub.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen bu gün Brüsseldə NATO-nun baş katibi Mark Rüttenin iştirakı ilə keçirilən iclasın başlanmasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Əgər biz hələ də Ukraynanı özümüzün birinci müdafiə xəttimiz hesab ediriksə, hərbi yardımı artırmalıyıq", - o bildirib.
Onun sözlərinə görə, Ukraynaya pilotsuz uçuş aparatları üçün ümumilikdə 2 milyard avro ayrılacaq. Bu, Ukraynaya potensialından tam istifadə etməyə imkan verəcək, Avropa İttifaqı isə bu texnologiyanın üstünlüklərindən faydalanacaq.
"Lakin hərbi dəstək üçün daha struktur həllə ehtiyacımız var. Məhz buna görə mən Rusiyanın dondurulmuş aktivləri əsasında reparasiya krediti ideyasını irəli sürdüm. Kredit bir dəfəyə deyil, tranşlarla və müəyyən şərtlərlə ayrılacaq. Biz öz müdafiə sənayemizi gücləndirəcək və kreditin bir hissəsinin Avropada satınalmalar üçün istifadə olunmasını təmin edəcəyik. Aktivlər müsadirə edilməyəcək", - fon der Lyayen bildirib.
O əlavə edib ki, Rusiya təzminat ödəyərsə, kredit geri qaytarılacaq - təqsirkar məsuliyyətə cəlb edilməlidir.