Avropa İttifaqı Əfqanıstana humanitar yardım göndərib

Digər ölkələr
  • 02 sentyabr, 2025
  • 14:47
Avropa İttifaqı Əfqanıstana humanitar yardım göndərib

Avropa İttifaqı (Aİ) güclü zəlzələdən zərər çəkmiş Əfqanıstana humanitar yardım göndərib.

"Report"un Avropa bürosunun verdiyi məlumata görə, bu barədə jurnalistlərə Aİ-nin rəsmi nümayəndəsi Eva Hrncirova bildirib.

Onun sözlərinə görə, zəruri malların ilk partiyası bu həftənin sonuna qədər Kabilə çatacaq.

E.Hrncirova qeyd edib ki, Aİ 1 milyon avro vəsait səfərbər edib və 130 ton humanitar yardım göndərib. Bu vəsait artıq yerlərdə əməliyyatlar aparan humanitar tərəfdaşlara veriləcək.

Çadırlar, ərzaq, dərman və digər zəruri ləvazimatların təchizatı Aİ-nin maliyyələşdirdiyi iki humanitar reyslə həyata keçiriləcək.

Bu yeni yardım 2025-ci ildə ölkədəki humanitar təşkilatlara ayrılmış 161 milyon avro məbləğində humanitar yardımı tamamlayır. Aİ-nin humanitar yardımı yalnız tərəfdaşlar vasitəsilə göndərilir.

Xatırladaq ki, avqustun 31-də gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara görə, ölənlərin sayı 1,1 min nəfəri ötüb.