Avropa İttifaqı "dron divarı"nın yaradılmasını müzakirə edəcək

Digər ölkələr
  • 23 sentyabr, 2025
  • 16:18
Avropa İttifaqı dron divarının yaradılmasını müzakirə edəcək

Avropa İttifaqı (Aİ) artan təhdidlərə cavab olaraq "dron divarı" layihəsi üzərində işləri sürətləndirməyi planlaşdırır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anita Hipper bildirib.

Bu layihə ittifaqın şərq sərhədi boyunca pilotsuz uçuş aparatlarının aşkarlanması və qarşısının alınması üzrə sistemlərin yaradılmasını nəzərdə tutur.

O qeyd edib ki, bu məsələlər gələn həftə səkkiz ölkənin nümayəndələrinin iştirakı ilə müzakirə olunacaq.

A.Hipper, Danimarkada baş verən son dron insidentini şərh edib. Bu hadisə nəticəsində Kopenhagendəki əsas hava limanının fəaliyyəti bir neçə saat ərzində pozulub.

Araşdırma davam etsə də və yekun nəticələr olmasa da, Avropa Komissiyasından hesab edirlər ki, Polşa, Rumıniya və Estoniyadakı son hadisələr Moskvanın Aİ sərhədlərini yoxlamaq ilə bağlı mümkün məqsədyönlü strategiyasından xəbər verir.

"Biz aydın bir nümunə görürük. Rusiya Avropa hava məkanını təsadüfən deyil, qəsdən pozur", - o bildirib.

Gələn həftə müdafiə üzrə Avropa komissarı Andrius Kubilius ilə ön cəbhə ölkələri - Estoniya, Latviya, Litva, Finlandiya, Polşa, Rumıniya və Bolqarıstanın, eləcə də bu sıraya əlavə olunan Danimarkanın görüşünün keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti