Anita Hipper: Aİ erməni hərbi liseyi ilə memorandumu araşdırır - hələlik qərar yoxdur

Digər ölkələr
  • 09 dekabr, 2025
  • 17:14
Anita Hipper: Aİ erməni hərbi liseyi ilə memorandumu araşdırır - hələlik qərar yoxdur

Avropa Təhlükəsizlik və Müdafiə Kolleci ilə Monte Melkonyan adına erməni hərbi liseyi arasında əməkdaşlıq memorandumu çox erkən mərhələdədir – o, araşdırılır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper Azərbaycan jurnalistlərinin sualına cavab olaraq bildirib.

Hipperin sözlərinə görə, hazırda bu məsələ ilə bağlı hər hansı qərar qəbul edilməyib.

"Biz hələ də akademik qiymətləndirmə mərhələsindəyik. Yekun qərar kollecin 27 Aİ üzv dövlətinin təmsil olunduğu idarəedici komitəsi tərəfindən qəbul edilməlidir", - deyə Hipper bildirib.

Sazişin imzalanmaya biləcəyi ilə bağlı dəqiqləşdirməyə cavab olaraq Hipper bildirib ki, "yekun qərardan danışmaq hələ tezdir, çünki məsələ hələ də ilkin mərhələdədir".

"Biz nəticə barədə əvvəlcədən mühakimə yürüdə bilmərik", - deyə o əlavə edib.

Daha əvvəl, 4 dekabrda, Ermənistanın terrorist Monte Melkonyanın adını daşıyan hərbi-idman liseyinin Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin himayəsi altında fəaliyyət göstərən Avropa İttifaqının Hərbi-İdman Məktəbləri Assosiasiyasına daxil olduğu məlum olmuşdu.

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Magdalena Qrono və Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyuncic-ə müraciət edərək Azərbaycan ictimaiyyətinin narazılığını bildiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti