Almaniya vətəndaşlarının böyük əksəriyyəti Ukraynaya qoşun göndərilməsini dəstəkləyir

Digər ölkələr
  • 06 sentyabr, 2025
  • 04:11
Almaniya vətəndaşlarının böyük əksəriyyəti Ukraynaya qoşun göndərilməsini dəstəkləyir

Almaniya əhalisinin yarıdan çoxu atəşkəs əldə olunacağı və Avropa qoşunlarının Ukraynada yerləşdiriləcəyi halda, ölkə ordusunun – Bundesverin hərbçilərinin Ukraynaya göndərilməsinin tərəfdarıdır.

"Report"un məlumatına görə, bu ZDF telekanalının sifarişi ilə "Wahlen" tədqiqat qrupu tərəfindən keçirilmiş sorğunun nəticələrində öz əksini tapıb.

Belə ki, sorğuda iştirak edənlərin 53 faizi Almaniyanın atəşkəs rejiminin təmin olunmasında Bundesver hərbçiləri ilə iştirak etməli olduğunu düşünür. Respondentlərin 42 faizi isə buna qarşı çıxır.

Sorğu nəticələrinə görə, respondentlərin yalnız 4 faizi yaxın həftələrdə Ukraynada tam atəşkəs gözləyir, 94 faizi isə bu ehtimalı mümkün saymır.

Xatırladaq ki, daha əvvəl "n-tv" telekanalı Almaniya hökumətindəki mənbələrə istinadla rəsmi Berlinin Ukraynaya hərbi yardımı əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığı məlumatını yaymışdı. Yardım çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin 4 briqadası üçün avadanlıqların və ildə təxminən 500 ədəd texnikanın tədarükü gözlənilir.