Ali Radanın alt komitəsinin sədri: Hər ay Ukrayna 30 min insanı orduya səfərbər edir
- 12 noyabr, 2025
- 11:24
Ukrayna hər ay 30 min insanı orduya səfərbər edir.
Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının Müdafiə, Təhlükəsizlik və Kəşfiyyat alt komitəsinin sədri Fedor Venislavski bildirib.
O qeyd edib ki, səfərbərliklə bağlı məsələlər həmişə çox gərgin olur:
"Əlbəttə, səfərbərliklə bağlı problemlərimiz var. Çünki artıq dediyim kimi, insanlar yorulub və müharibəyə getmək istəyənləri tapmaq çox çətindir. Rusiya isə bizdə səfərbərlik zamanı baş verən hər hansı həssas məsələlərdən müxtəlif informasiya-psixoloji feyklər yaratmaq və bu problemin mahiyyətini artırmaq üçün istifadə edir".
F.Venislavski bildirib ki, səfərbərlik prosesində insidentlər baş versə də, bunların kütləvi, sistemli xarakter daşıdığını söyləmək yanlışdır.
"Hazırda səfərbərliyin gücləndirilməsi və ya təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə hər hansı dəyişikliklər nəzərdən keçirilmir. Düşünürəm ki, əgər hərbi komandanlıq, hərbi rəhbərlik Ali Radaya hər hansı təkliflərlə müraciət edərsə, biz, parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri üzrə komitəsi onlara baxacaq və müvafiq dəyişikliklərin edilməsinin məqsədəuyğun olub-olmaması barədə qərar qəbul edəcəyik".