AK sədri: Aİ-nin şərq cinahının müdafiəsini gücləndirmək lazımdır

Digər ölkələr
  • 10 sentyabr, 2025
  • 14:17
AK sədri: Aİ-nin şərq cinahının müdafiəsini gücləndirmək lazımdır
Ursula fon der Lyayen

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) şərq cinahının müdafiə potensialının gücləndirilməsinə investisiya qoymağa çağırıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bunu bu gün Avropa Parlamentində illik məruzə ilə çıxışı zamanı bildirib.

"Heç bir şübhə yoxdur ki, Avropanın şərq cinahı bütün Avropanın təhlükəsizliyini təmin edir. Buna görə də onun dəstəklənməsinə investisiya qoymalıyıq", - o vurğulayıb.

AK sədrinin sözlərinə görə, regionun bir sıra ölkələrinə səfərdən sonra belə bir yanaşmanın zəruriliyinə əmin olub.

"Biz real vaxt rejimində kosmik müşahidəyə investisiya qoymalıyıq ki, qoşunların heç bir hərəkəti diqqətdən qaçmasın. Biz pilotsuz uçuş aparatlarından ibarət divar hörməliyik. Bu, mücərrəd bir ambisiya deyil, etibarlı müdafiənin təməlidir", - Ursula fon der Lyayen əlavə edib.

O, həmçinin pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozmasına görə Rusiyanı günahlandırıb.