AK gələn həftə hərbi mobilliyin təkmilləşdirilməsi planını təqdim edəcək
- 15 noyabr, 2025
- 00:44
Avropa Komissiyası, Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidməti ilə birlikdə gələn həftə hərbi hərəkətliliyin yaxşılaşdırılması planını təqdim edəcək.
"Report"un Avropa Bürosunun məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas məlumat verib.
Onun sözlərinə görə, plana irimiqyaslı hərbi hərəkətləri idarə etmək üçün yollar, körpülər, tunellər, dəmir yolu xətləri, hava limanları və digər Aİ infrastrukturunun inkişafı, zəruri hallarda qarşılıqlı yardım göstərmək üçün nəqliyyat resurslarının birləşdirilməsi və ölkələr arasında qoşunların hərəkəti üçün təsdiq prosesinin sürətləndirilməsi təklifləri daxil olacaq.
"Bu gün biz Avropaya qarşı hibrid hücumların artmasını müzakirə etdik: təxribat, kiberhücumlar və dron hücumları adi hala çevrilib. Biz bunu yeni norma kimi qəbul edə bilmərik. Buna görə də, hibrid təhdidlərə qarşı durmaq və çəkindiricilər yaratmaq üçün sistematik, birgə səylərə ehtiyac var".
O əlavə edib ki, Avropanın müdafiə qabiliyyətini artırmaq üçün Aİ doqquz sahədə boşluqların aradan qaldırılması üçün aydın yol xəritəsi təqdim edib: "İndi bu məsələlər həll edilməlidir".