Aİ Pakistanda daşqınlardan zərər çəkmiş icmalara 3 milyon avro təcili yardım ayırır

Digər ölkələr
  • 02 dekabr, 2025
  • 13:28
Aİ Pakistanda daşqınlardan zərər çəkmiş icmalara 3 milyon avro təcili yardım ayırır

Avropa İttifaqı (Aİ) Pakistanda daşqınlardan zərər çəkmiş icmalar üçün 3 milyon avro məbləğində təcili yardım ayırır.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.

Qeyd olunub ki, bu çərçivədə əsas diqqət ölkənin Pəncab əyalətində təbii fəlakətin təsirinə ən çox məruz qalan ərazilərə yönəldilib.

"Həssas təbəqədən olan ailələrin əsas ehtiyaclarını ödəyə və həyatlarını yenidən qura bilmələri üçün dəstək nağd yardım şəklində təqdim ediləcək. Bu yeni vəsait sentyabrda Pakistanda səhiyyə, təmiz su, sanitariya və digər vacib xidmətlər üçün ayrılmış 1,05 milyon avroya əlavə olunur", - məlumatda bildirilib.

Diqqətə çatdırılıb ki, bu ilin musson yağışlarından təqribən 7 milyon insan zərər çəkib və nəticədə 2,9 milyon insan evlərini tərk etməyə məcbur olub:

"Daşqınlar ölkə ərazisində mindən çox insanın ölümünə səbəb olub, 200 mindən çox evi zədələyib və kənd təsərrüfatına böyük ziyan vurub".

Aİ-nin Hazırlıq, böhranların idarə edilməsi və bərabərlik üzrə komissarı Haca Labib (Hadja Lahbib) vurğulayıb ki, bu musson mövsümü Pakistandakı bir sıra icmalar üçün xüsusilə dağıdıcı olub:

"Pəncab son qırx ilin ən dəhşətli daşqını ilə üzləşib. İnsanlar evlərinin, əşyalarının, əkinlərinin və mal-qaralarının sular altında qalmasına şahidlik edirlər. Aİ-nin ayrılan vəsaiti bizim qlobal həmrəyliyimizi nümayiş etdirir və Pakistandakı bərpa prosesinə çox mühüm dəstək göstərəcək".

Qeyd edilib ki, Aİ bu il Pakistana 14,5 milyon avrodan çox humanitar yardım göstərib.

Son xəbərlər

Bütün Xəbər Lenti