Aİ heyəti Rusiyaya qarşı sanksiyaların koordinasiyası üçün Vaşinqtona yollanır
- 05 sentyabr, 2025
- 15:52

Avropa İttifaqının (Aİ) nümayəndə heyəti ABŞ ilə birgə Rusiyaya qarşı yeni sanksiya paketi üzərində işləmək üçün Vaşinqtona yollanır.
"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Ujqorodda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
"Brüsseldə yeni sanksiya paketi üzərində iş başlayır və Avropa komandası bu məsələ üzərində amerikalı tərəfdaşlarla işləmək üçün Vaşinqtona yollanır", - A.Koşta bildirib.
Aİ Şurasının Prezidenti, Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün sanksiya tədbirlərinin sayının artırılmasının zəruriliyini qeyd edib.
O, həmçinin qeyd edib ki, Aİ-də Ukraynanın müharibəyə baxmayaraq həyata keçirdiyi islahatlardan heyrətləniblər və bu işlər davam etdirilməlidir.