Aİ ABŞ ilə müdafiə və Ukrayna məsələsi üzrə münasibətləri sabitləşdirib

Digər ölkələr
  • 08 sentyabr, 2025
  • 12:07
Aİ ABŞ ilə müdafiə və Ukrayna məsələsi üzrə münasibətləri sabitləşdirib

Avropa İttifaqı (Aİ) son aylarda ABŞ ilə müdafiə və Ukrayna məsələsi üzrə münasibətləri sabitləşdirib.

"Report" xəbər verir ki, bunu Aİ Şurasının sədri Antoniu Koşta Finlandiyanın Baş naziri Petteri Orpo ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ Ukraynanı dəstəkləməkdə, həmçinin sülhə nail olmaq üçün şərtlərin yaradılması və təmin edilməsində maraqlıdır.

"Lakin Ukraynada sülhə nail olmaq üçün Rusiyaya təzyiqi artırmalıyıq. İndi biz sanksiyalarımızı birləşdirmək və Moskvaya daha çox təzyiq göstərmək üçün ABŞ ilə koordinasiyadayıq", - A.Koşta bildirib.

O vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülhə nail olmaq üçün addımlar atmağa dərhal razılıq verib, lakin Rusiya Prezidenti Vladimir Putin bu planların həyata keçirilməsindən imtina edib.

"Təəssüf ki, Putin təkliflərimizi qəbul etmədi və Ukraynaya hücumları gücləndirərək, onun infrastrukturunu daha çox məhv etdi və daha çox ukraynalını öldürdü. Biz bunu dayandırmalı, yəni Moskvaya təzyiqi artırmalıyıq", - sədr vurğulayıb.