ABŞ "MQ-9" PUA-sı ilə bağlı 14,1 milyard dollarlıq müqavilə imzalayıb
- 10 sentyabr, 2025
- 05:54

ABŞ ordusu "MQ-9" pilotsuz uçan aparatının proqramını daha da təkmilləşdirmək üçün 14,1 milyard dollarlıq müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Pentaqon öz saytında məlumat yayıb.
Müqavilə Kaliforniyadan "General Atomics Aeronautical Systems" ilə bağlanıb və özündə MQ-9 platforması ilə bağlı inkişaf, satınalma, modernləşdirmə, texniki dəstək və digər prosesləri ehtiva edir.
Müqaviləyə bu hərbi texnikanın və xidmətlərin Hindistana, eləcə də potensial olaraq digər xarici ölkələrə satışı daxildir. Müqavilənin 2031-ci ilin sonuna qədər tamamlanacağı gözlənilir.
MQ-9 pilotsuz uçan aparatı peyk vasitəsi ilə yerdən idarə olunur və müstəqil uçuşlar da həyata keçirə bilir. MQ-9 əsasən yerüstü hədəfləri məhv etmək üçün "AGM-114 Hellfire" raketləri, həmçinin lazer nişangahlı "GBU-12 Paveway II" və peyk vasitəsi ilə idarə olunan "GBU-38 JDAM" tipli yüksək dəqiqliyə malik bombalarla silahlanır.
Dronun uzunluğu 11 metr, qanadları ilə birgə eni isə 20 metrdir. Turbovintli mühərriki ona yükündən asılı olaraq fasiləsiz 14-41 saat havada qalmağa imkan verir. Pentaqon 2007-ci ilin may ayından başlayaraq Əfqanıstanda və İraqda, həmçinin Somalidə və Yəməndə bu uçan aparatlardan aktiv istifadə edir.
ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında hər birinin qiyməti 17 milyon dollar olan təxminən 200 ədəd MQ-9 mövcuddur.