ABŞ Konqresi Epşteyn işi üzrə materialları dərc edib

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 05:39
ABŞ Konqresi Epşteyn işi üzrə materialları dərc edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsi yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynin işi üzrə 33 mindən çox material dərc edib.

"Report"un məlumatına görə, sözügedən sənədlər 2024-cü ilin avqust ayında ABŞ Ədliyyə Nazirliyindən əldə edilib.

Komitənin məlumatına əsasən, sənədlərin bir hissəsi qurbanların ifşa olunmasının qarşısını almaq məqsədilə redaktə edilib.

Komitənin sədri, Kentukki ştatından respublikaçı Ceyms Komer daha əvvəl bu barədə belə demişdi:

"Biz cavabları əldə etmək üçün əlimizdən gələni edəcəyik və bunu mümkün qədər tez etməyə çalışacağıq."

Xatırladaq ki, Cefri Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Prokurorluq onun 2002–2005-ci illər arasında Manhettendəki evinə onlarla azyaşlı qızı gətirdiyini, onlardan ən gəncinin isə cəmi 14 yaşında olduğunu bildirmişdi.

Epşteynin dost çevrəsinə yalnız ABŞ-dən deyil, bir sıra digər ölkələrdən də hazırkı və keçmiş yüksək vəzifəli şəxslər, sabiq dövlət başçıları, tanınmış iş adamları və şou-biznes ulduzları daxil idi.

Epşteyn barəsindəki cinayət təqibinə 10 avqust 2019-cu ildə həbsxana kamerasında intihar etməsindən sonra xitam verilib.