ABŞ Kamboca və Tailanda sülh sazişi ilə bağlı dəstək təklif edib
- 01 yanvar, 2026
- 02:02
Vaşinqton administrasiyası hərbi əməliyyatların dayandırılması ilə bağlı Pnompen və Banqkok arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsini asanlaşdırmağa hazırdır.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott yazılı açıqlamada bildirib.
"Biz Tailandın 18 Kamboca əsgərini azad etməsini alqışlayırıq və bunu mehriban qonşuluq münasibətlərinin və etimadın bərpası istiqamətində müsbət addım hesab edirik. Birləşmiş Ştatlar Kamboca və Tayland hökumətlərinə oktyabrın 26-da imzalanmış birgə bəyannamədə razılaşdırılmış əsas tədbirləri həyata keçirməyə davam etdikcə onlara dəstək verməyə hazırdır.
Kamboca və Tailand hökumətlərinin 27 dekabr sülh sazişlərinin həyata keçirilməsinə yönəlmiş qətiyyətli hərəkətlərini alqışlayırıq. Onlar hər iki dövlətin davamlı sülhün dərhal bərqərar olmasına sadiqliyini nümayiş etdirir", - sənəddə qeyd edilib.
Qeyd edək ki, Kamboca və Tailand iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasından sonra dekabrın 27-də yerli vaxtla saat 12:00-dan (Bakı vaxtı ilə 09:00) atəşkəs barədə razılığa gəliblər.