Kölndə "Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu" keçirilib
- 02 noyabr, 2025
- 12:34
Almaniyanın Köln şəhərində "Avropada yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu" keçirilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
"Azərbaycan və Avropa arasında süni intellekt və enerji mübadiləsinin perspektivləri" mövzusunda keçirilən forum Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub.
"Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin I Forumu"nun Təşkilat Komitəsinin sədri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin rəhbəri Altay Rüstəmli forumun mühəndislərin vəhdət halında fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov forumun bilik və təcrübə mübadiləsi, eləcə də əməkdaşlıq baxımından mühüm bir platforma olduğunu qeyd edib:
"Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müasir çağırışlara uyğun müəyyən etdiyi diaspor siyasəti soydaşlarımızın fəaliyyətini, o cümlədən mədəni və elmi diplomatiyanı stimullaşdırır. Forumla bağlı bildirmək istəyirəm ki, Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu onların intellektual potensialından səmərəli istifadə olunmasına, yeni ideyaların formalaşmasına və ortaq təşəbbüslərə şərait yaradır".
Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Samir Rzayev, Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin üzvü Sənan Tapdıqov, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini icra edən Tahir Xəlilov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov çıxış edərək forumun işini yüksək qiymətləndiriblər.
Forum iştirakçılarına komitənin layihələri, xüsusilə ixtisaslaşmış forumların məqsəd və əhəmiyyəti barədə geniş videomaterial nümayiş olunub.
Forumda süni intellektin müxtəlif sahələrdə tətbiqi, süni intellekt vasitəsi ilə insan duyğularını oxumaq, insanabənzər robot texnikasında etik innovasiya, Azərbaycandan Avropaya baxış və bir sıra digər istiqamətlər üzrə təqdimatlar olub.
Forumun Təşkilat Komitəsinin sədri, Koreya Universitetinin xüsusi təyin olunmuş professoru Elxan Riçard Sadıqzadə, "Women in Engineering" təşkilatının sədri Sonabəyim Hüseynzadə, Berlin Ali Tibb Məktəbi və Berlin Ali Biznes Məktəbinin mühəndisi Rauf Abdullayev, eləcə də Avropanın bir sıra tanınmış azərbaycanlı mühəndisləri, alim və mütəxəssislər çıxış edərək mühəndislik sahəsində beynəlxalq əməkdaşlığın, innovativ təşəbbüslərin və elmi-texnoloji mübadilənin əhəmiyyətindən danışıb, şəxsi təcrübələrini bölüşüb, forumun diasporun elmi və intellektual potensialının inkişafına mühüm töhfə verəcəyini bildiriblər.
Forumda iştirak edən Almaniyanın Keramika Texnologiyaları və Sistemləri İnstitutunun professoru Konstanse Çöpe belə tədbirlər sayəsində Azərbaycanla Almaniya arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini söyləyib.
Avropanın 16 ölkəsindən, Almaniyanın 45 şəhərindən ümumilikdə 200-ə yaxın soydaşımızın və xarici qonaqların qatıldığı foruma "Muğam" Alman-Azərbaycan Musiqi Cəmiyyətinin sədri Səbinə Məmmədova moderatorluq edib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin, həkimlərin, mühəndislərin, gənclərin və tələbələrin beynəlxalq forumlarını sistemli şəkildə təşkil edir və bu təşəbbüs həm diasporun, həm də Azərbaycan ictimaiyyətinin böyük rəğbətini qazanıb.