ABŞ-də Zəfərin 5-ci ildönümü qeyd olunub
- 07 noyabr, 2025
- 19:58
ABŞ-nin Yuta ştatında Azərbaycanın Zəfərinin 5-ci ildönümü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə tədbir təşkil olunub.
"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Yuta Türk-Amerika Assosiasiyasının dəstəyi, eləcə də bu qurumla Yuta Türk-Amerika Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Azərbaycanın Zəfər tarixini əks etdirən videoçarx göstərilib. Bədii hissədə milli musiqilər və rəqslər ifa olunub. Qonaqlara Azərbaycan və türk mətbəxinə məxsus ənənəvi təamlar təqdim edilib.
Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəray bayramlar münasibətilə Azərbaycan və türk xalqını təbrik edib. O, iki qardaş xalqın həmrəyliyinin, ortaq tarixə və mədəniyyətə söykənən münasibətlərinin bir daha nümayiş olunduğunu vurğulayıb, xalqlara rifah, sülh və əmin-amanlıq arzulayıb.
Yuta Türk-Amerika Assosiasiyası İdarə Heyətinin üzvü Işıl Gökgöz Hessick çıxışında Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin hər ötən gün daha da gücləndiyini dilə gətirib, hər iki xalqı əlamətdar gün münasibətilə təbrik edib.
Qeyd olunub ki, bu kimi tədbirlər ABŞ-də yaşayan Azərbaycan və türk icmalarının birliyinin möhkəmlənməsinə, eləcə də yerli ictimaiyyət arasında mədəni müxtəlifliyin təbliğinə mühüm töhfə verir.