ABŞ-də "Akademiya və innovasiya mentorluğu layihələri" təşəbbüsü təqdim olunub
- 22 sentyabr, 2025
- 07:53

ABŞ-nin San-Fransisko şəhərində "Akademiya və innovasiya mentorluğu layihələri" ("AIM Projects") təşəbbüsünün təqdimatı keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, təşəbbüsün fəaliyyətə başlaması və veb səhifəsinin təqdim edilməsi məqsədilə San-Fransisko şəhərində yerləşən "Mind the Bridge" İnnovasiya Mərkəzində görüş keçirilib.
Görüşdə Kaliforniya ştatında, xüsusilə Silisium Vadisində müxtəlif elm ocaqlarında çalışan azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantura tələbələri, yüksək texnologiya şirkətlərində çalışan peşəkarlar, Stanford və Berkli universitetlərində təhsil alan tələbələr iştirak ediblər.
"AIM Projects" təşəbbüsünün məqsədi ABŞ-də elm və innovasiya sahələrində çalışan soydaşlarımızla ölkəmizdə fəaliyyət göstərən müvafiq tərəfdaşlar, alimlər, mütəxəssislər və digər maraqlı şəxslərin əlaqələndirilməsi və mentorluq proqramları təklif edən platformanın əlçatan edilməsidir.
Tədbirdə təşəbbüsün rəhbəri, Niaqara Universitetinin professoru Dr. Ayxan Yusifov çıxış edərək, tədbir iştirakçılarını təşəbbüsün konsepsiyası və məqsədləri barədə məlumatlandırıb və görüləcək işlər barədə danışıb. Ardınca təşəbbüsün icraçı katibi Şəhla Şirinli veb saytı təqdim edib və təklif olunan mentorluq proqramları, indiyədək könüllü olaraq mentor kimi qeydiyyatdan keçmiş 20-yə yaxın şəxs və yaxın 2 ay müddətində təşkil ediləcək seminarlar barədə məlumat verib.
Təşəbbüsün həyata keçirilməsinə və görüşün təşkilinə dəstək verdikləri üçün Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna təşəkkür ifadə edilib. Los Ancelesdəki baş konsulu Vüqar Qurbanov çıxışında təşəbbüskarlara uğurlar arzu edib və qonaqları 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
Görüşdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qaya Məmmədov təşəbbüsün başlanması münasibətilə təbriklərini çatdırıb, tədbirin əhəmiyyətini qeyd edib, tövsiyələrini bölüşüb.
Qeyd edək ki, "AIM Projects" təşəbbüsü 26-27 iyun 2025-ci il tarixlərində Berkli Universitetində keçirilmiş "Akademiya və innovasiya forumu"n məntiqi davamı olaraq təsis edilib.