Xankəndidə "Zəfər zəngi" filminin təqdimatı olub
- 27 sentyabr, 2025
- 11:44

Xankəndi şəhərində, Qarabağ Universitetində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş "Zəfər zəngi" adlı sənədli filmin təqdimatı olub.
Bu barədə "Report"un Qarabağ Bürosuna Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqlər şöbəsindən məlumat verilib.
Təqdimat şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra filmin ssenari müəllifi, əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı çıxış edərək Xankəndidə qəhrəmanlarımızın şücaətini göstərən filmin nümayişinin böyük bir qürur hissi yaşatdığından danışıb:
"44 gün – 30 illik həsrətin sonu, Zəfərin başlanğıcı oldu. 44 gün xalqımız bir ürək, bir yumruq oldu. Minlərlə igidimiz öz canını sipər edərək, torpaqlarımızı azad etdi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix, ordumuzun gücü, xalqımızın birliyi ilə qazanıldı. Bu gün ayaq basdığımız torpaqlarımız, Vətənimiz azaddır. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz toxunulmazdır. Yaşasın Zəfərimiz, yaşasın Azərbaycan!"
A. Telmanqızı bildirib ki, bu filmlə biz tariximizi, qürurumuzu, zəfərimizi yad edəcəyik. Tariximizin ən şərəfli səhifələrini bir daha xatırlayacağıq:
"Qoy bu təqdimat mərasimi şəhidlərimizin ruhuna bir dua, qazilərimizə bir təşəkkür, gənclərimizə isə bir yol xəritəsi olsun."
Şəhid atası, Xankəndi sakini Kamran Nəsirov oğlu Xəqaniin keçdiyi döyüş yolundan, oğlunun da canı bahasına azad etdiyi torpaqda qürurla yaşadığından danışıb.
Xüsusi təyinatlı Aslan Şərifov isə bu gün ilk dəfə azad etdiyi Xankəndiyə ayaq basmasıdan söz açıb, o günlərlə bağlı xatirələrini bölüşüb.
Bu gün həm də Xankəndi, Ağdərə və Xocalıdakı açılışları, köçü əks etdirən videoçarx da nümayiş olunub.
Qeyd edək ki, təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, qazilər, şəhid ailələrinin üzvləri, ziyalılar, media nümayəndələri iştirak edib.