Vüqar Əliyev: Builki Könüllülük Həftəsinə 17 min nəfər cəlb ediləcək

Daxili siyasət
  • 04 dekabr, 2025
  • 10:59
Vüqar Əliyev: Builki Könüllülük Həftəsinə 17 min nəfər cəlb ediləcək

Builki Könüllülük Həftəsinə 17 min nəfərin cəlb edilməsi proqnozlaşdırılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Azərbaycan Könüllülük Həftəsi 2025" ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Azərbaycan Könüllülük Həftəsi 2025"in davam edəcəyi 10 gün ərzində 10 layihənin həyata keçirilməsi nəzərdə tutulub:

"Həftə çərçivəsində layihələr beş mövzunu əhatə edəcək. Bu il üçün əsas məqsədimiz 18 regionda könüllülərin fəaliyyətini təmin edərək bu çərçivədə 17 min nəfəri əhatə etməkdir. Bununla da könüllülərin sayını 60 min nəfərə çatdıracağıq".

V.Əliyev həftənin özəl layihələrindən də bəhs edib:

"Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi hər il olduğu kimi bu il də təşkil olunacaq. Düşərgədə Türkiyə və Mərkəzi Asiya dövlətlərindən olan könüllülərin də iştirakı planlaşdırılır. Burada master-klaslar, təlimlər, komanda oyunları, idman yarışları keçiriləcək. Eyni zamanda, ilin aktiv könüllüləri və "İlin Könüllüsü" mükafatına layiq görülən şəxslər də düşərgədə iştirak edəcəklər".

O, beynəlxalq əlaqələrdən də danışıb:

"Hazırda Azərbaycan Könüllü Təşkilatları İttifaqı Beynəlxalq Könüllülər Mərkəzinə sədrliyi həyata keçirir. Növbəti mərhələdə sədrliyin Qazaxıstana və Qırğızıstana təhvil verilməsi planlaşdırılır".

Son xəbərlər

Bütün Xəbər Lenti