Vətən müharibəsi şəhidlərinin xatirəsi Sumqayıtda anılıb
- 27 sentyabr, 2025
- 12:46

Sumqayıt şəhərində 27 Sentyabr – Anım Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub.
"Report"un yerli bürosu məlumat verir ki, Şəhidlər xiyabanında təşkil edilən tədbirdə Milli Məclisin deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Saat 12:00-da tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. İlk olaraq Sumqayıt Şəhidlər xiyabanında ucaldılmış Qalib Əsgər abidəsinin önünə əklil və gül dəstələri qoyulub, Vətən uğrunda canından keçənlərin xatirəsinə ehtiram bildirilib.
Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəmanların məzarları ziyarət olunub, onların məzarları üzərinə gül dəstələri düzülərək ruhlarına dualar oxunub.