Vəkilliyə namizədlər üçün Ədliyyə Akademiyasında icbari təlimlərə başlanılıb

Daxili siyasət
  • 20 noyabr, 2025
  • 15:31
Vəkilliyə namizədlər üçün Ədliyyə Akademiyasında icbari təlimlərə başlanılıb

Yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 65 nəfər vəkilliyə namizəd üçün Ədliyyə Akademiyasında icbari təlimlərə başlanılıb.

Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılması, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsi, habelə vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin mənimsədilməsi məqsədi daşıyır.

Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev vəkilliyə namizədləri təbrik edərək onlara uğurlar arzulayıb. Təlimin əhəmiyyətindən danışan rektor nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların mənimsənilməsinin vacibliyini dilə gətirib.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov yeni təlim mərhələsinin açılışında çıxış edərək vəkilliyə namizədləri təbrik edib, onlara uğurlar arzulayıb və bu mərhələnin peşə hazırlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Anar Bağırov vəkilliyə qəbul prosesinə dair detallı məlumat verərək qeyd edib ki, test mərhələsi Kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, geniş müşahidəçilik imkanları altında - yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakıyla tam şəffaf və obyektiv şəraitdə keçirilib. Şifahi mərhələdə isə obyektivliyin təmin olunması üçün videoyazı sisteminin tətbiqi və bütün namizədlərə eyni məzmunlu sualların təqdim edilməsi prinsipi əsasında prosesin dürüstlüyü qorunub.

Sədr təlimə başlayan 65 namizəd arasında gender balansı və yaş dinamikasının müsbət olduğunu nəzərə çatdıraraq deyib ki, iştirakçıların 27-si qadın, 38-i isə kişidir. Namizədlərin 55 nəfəri, yəni 85 faizi 40 yaşadək olan şəxslərdir və bu göstərici vəkillik institutunun daha da gəncləşdiyini nümayiş etdirir. Sədr əlavə edib ki, təlim iştirakçılarının 90 faizi (58 nəfər) paytaxtdan, 10 faizi (7 nəfər) isə regionlardan müraciət edən şəxslərdir.

Son xəbərlər

Bütün Xəbər Lenti