TDT-nin XII Zirvə Görüşü Türk dünyasının inteqrasiya prosesində yeni mərhələnin başlanğıcıdır - RƏY

Daxili siyasət
  • 06 oktyabr, 2025
  • 13:50
TDT-nin XII Zirvə Görüşü Türk dünyasının inteqrasiya prosesində yeni mərhələnin başlanğıcıdır - RƏY

Bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndələrini qəbul etməsi və burada keçiriləcək tədbir Türk dünyasının inteqrasiya prosesində yeni mərhələnin başlanğıcıdır.

Bu barədə "Report"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.

Onun sözlərinə görə, TDT-nin XII Zirvə Görüşü məhz Azərbaycanda - türk mədəniyyətinin, siyasi iradəsinin və iqtisadi dinamizminin böyük vüsət aldığı ölkədə baş tutması həm simvolik, həm də strateji baxımdan Türk dövlətlərinin gələcək inkişaf yolu üçün mühüm önəm daşıyır:

"Türk Dövlətləri Təşkilatı sadəcə regional əməkdaşlıq platforması deyil, qlobal siyasi və iqtisadi təsir gücünə malik olacaq strateji birlikdir. Enerji, nəqliyyat, təhlükəsizlik və kommunikasiya kimi sahələrdə həyata keçirilən trans-regional layihələr, xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi, Türk dünyasının fiziki və iqtisadi birləşməsinə real zəmin yaradır".

Ülviyyə Zülfiqar

Siyasi şərhçi qeyd edib ki, tarixən Türk xalqlarını birləşdirən ortaq kök, dil və mədəniyyət bu gün XXI əsrin çağırışlarına cavab verən yeni siyasi konsepsiyaya çevrilir:

"Azərbaycan bu prosesin mərkəzində dayanaraq, həm diplomatik müstəvidə, həm də iqtisadi inteqrasiya sahəsində təşəbbüsləri ilə fərqlənir. Qəbələdə keçirilən görüşlər və baş tutacaq zirvə toplantısı həm də yeni strateji mesaj daşıyır. Azərbaycan Türk dünyasının birləşdirici sütunlarından biridir. Qəbələ görüşü TDT-nin son illərdə əldə etdiyi nailiyyətlərin növbəti mərhələsinə keçidi rəmzləşdirir. Burada qəbul ediləcək qərarlar və bəyannamələr Türk dövlətlərinin qarşılıqlı münasibətlərini daha sistemli, qarşılıqlı fayda və hörmət prinsipləri əsasında möhkəmləndirəcək".

Ü.Zülfiqar onu da vurğulayıb ki, bu təşkilat yalnız regional maraqlar çərçivəsində deyil, həm də beynəlxalq münasibətlər sistemində balans yaradan güc mərkəzi ola bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti