"Şəhərsalma və Memarlıq İli" ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcıdır - RƏY

Daxili siyasət
  • 23 dekabr, 2025
  • 19:03
Şəhərsalma və Memarlıq İli ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcıdır - RƏY

Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.

Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

O qeyd edib ki, bu qərar təkcə urbanistik və estetik yanaşmanın gücləndirilməsi deyil, eyni zamanda müasir idarəetmə, dayanıqlı inkişaf, milli-mədəni irsin qorunması və postmünaqişə dövründə ərazilərin yenidən qurulması proseslərinin sistemli şəkildə davam etdirilməsi məqsədi daşıyır:

"Müasir dövrdə şəhərsalma anlayışı yalnız tikinti fəaliyyəti ilə məhdudlaşmır. Bu, sosial münasibətlərin təşkili, insan kapitalının inkişafı, ekoloji balansın qorunması və ictimai rifahın təmin olunması ilə birbaşa bağlı kompleks bir idarəetmə modelidir.

Azərbaycan son illər bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan, eyni zamanda milli xüsusiyyətləri nəzərə alan konseptual yanaşma formalaşdırıb. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri şəhərsalmanın innovativ aspektlərini ön plana çıxarır. Burada enerji səmərəliliyi, yaşıl texnologiyalar, rəqəmsal idarəetmə və sosial inklüzivlik əsas prinsiplər kimi çıxış edir. 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması bu modelin ölkə miqyasında dərinləşdirilməsinə xidmət edəcək".

Deputat vurğulayıb ki, Azərbaycan memarlığı tarixən Şərq və Qərb mədəniyyətlərinin sintezini özündə əks etdirib:

"İçərişəhərdən Şirvanşahlar Saray Kompleksinə, neft bumu dövrünün Bakı memarlığından müasir urbanistik layihələrə qədər uzanan bu xətt milli kimliyin vizual ifadəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən layihələr göstərir ki, dövlət siyasətində memarlıq sadəcə forma deyil, məzmun və ideologiya daşıyıcısıdır. Yeni inzibati binalar, mədəniyyət mərkəzləri, ictimai məkanlar milli üslubun müasir memarlıq dili ilə təqdim olunmasına nümunədir. 2026-cı il bu yanaşmanın elmi, konseptual və praktiki müstəvidə daha da möhkəmləndirilməsi üçün imkan yaradacaq".

Azər Kərimlinin fikrincə, "Şəhərsalma və Memarlıq İli"nin elan olunmasının xüsusi rəmzi mənası var:

"Çünki Azərbaycan bu mərhələyə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkə kimi daxil olur. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri artıq beynəlxalq səviyyədə unikal postmünaqişə şəhərsalma modeli kimi dəyərləndirilir.

Burada dağıntıların aradan qaldırılması ilə yanaşı, tarixi-mədəni irsin bərpası, yeni yaşayış məkanlarının planlı şəkildə qurulması, sosial infrastrukturun müasir standartlara uyğun təşkili əsas prioritetlərdir. "Böyük Qayıdış" proqramı çərçivəsində bu ərazilərdə formalaşan yeni urbanistik mühit insan mərkəzli yanaşmanın real təcəssümüdür".

2026-cı ilin tematik il elan edilməsinin həm də normativ-hüquqi bazanın təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacağını vurğulayan deputatın sözlərinə görə şəhərsalma və memarlıq sahəsində institusional mexanizmlər də gücləndiriləcək:

"Bu çərçivədə müvafiq dövlət proqramlarının qəbulu, peşəkar kadr potensialının artırılması, ictimai nəzarət və vətəndaş iştirakçılığının genişləndirilməsi mühüm rol oynayacaq.

Şəhərsalma və memarlıq dövlətin inkişaf səviyyəsinin, idarəetmə keyfiyyətinin və vətəndaşa münasibətinin göstəricisidir. Prezident İlham Əliyevin 2026-cı ili Şəhərsalma və Memarlıq İli elan etməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının məntiqi davamı, güclü dövlət və inkişaf etmiş cəmiyyət quruculuğunun mühüm mərhələsidir.

Bu il çərçivəsində həyata keçiriləcək təşəbbüslər təkcə bugünkü urbanizasiya problemlərinin həllinə deyil, gələcək nəsillər üçün təhlükəsiz, estetik və funksional yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək. Azərbaycan şəhərləri artıq yalnız yaşayış məkanı deyil, milli ideyanın, müasirliyin və dayanıqlı inkişafın simvolu kimi formalaşır".

Son xəbərlər

Bütün Xəbər Lenti