Sahib Məmmədov: AHİK-də həyata keçirilən islahatlar üzvlərimizin hüquqlarının qorunmasına xidmət edir

Daxili siyasət
  • 02 dekabr, 2025
  • 10:09
Sahib Məmmədov: AHİK-də həyata keçirilən islahatlar üzvlərimizin hüquqlarının qorunmasına xidmət edir

AHİK-də həyata keçirilən genişmiqyaslı islahatlar və yeniliklər üzvlərin hüquqlarının qorunmasına xidmət edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konferedasiyasının (AHİK) sədri Sahib Məmmədov "Həmkarlarla 120 il" yubiley tədbirindəki çıxışında deyib.

O bildirib ki, müxtəlif sahələrdə çalışanların əməyinin qiymətləndirilməsi və sosial təminatının yaxşılaşdırılması yönündə ardıcıl tədbirlər həyata keçirilir:

"Bu 120 illik tarixi yol zəhmətin, fədakarlığın və həmrəyliyin harmoniyası kimi qiymətləndirilə bilər. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev digər sahələrlə yanaşı, mədəniyyət və media sahəsinin inkişafına da xüsusi diqqət yetirir. Cənab Prezidentin rəhbərliyi ilə bu sahələrdə çalışanların əməyinin qiymətləndirilməsi, sosial təminatının yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Elə bu sahələrdə çalışan həmkarlarımıza orden və medalların təqdim edilməsi də dövlət başçısının diqqət və qayğısının bariz ifadəsidir".

AHİK sədrinin sözlərinə görə, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəni irsin qorunması və dünya miqyasında tanıdılması istiqamətində gördüyü işlər xüsusi qeyd olunmalıdır:

"Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihələr milli mədəniyyətimizin inkişafı, muzey və mədəniyyət ocaqlarının bərpası, teatr və musiqi sənətinə dəstək baxımından yüksək qiymətləndirilir. Milli mədəniyyətimizin, xüsusilə də muğam sənətimizin beynəlxalq arenada təbliği üçün Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr bu sahənin inkişafına mühüm töhfə verir".

S.Məmmədov AHİK-in bu proseslərdə fəal iştirak etdiyini vurğulayıb:

"Konfederasiyada həyata keçirilən genişmiqyaslı islahatlar və yeniliklər üzvlərimizin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına xidmət etməklə yanaşı, mədəniyyət və media sahələrinə də həmkar qayğısını əhatə edir. Bu fəaliyyət çərçivəsində Konfederasiya dövlət qurumları və media subyektləri ilə sıx əməkdaşlıq formalaşdırıb. Birgə layihələr, mütəmadi görüşlər və koordinasiyalı fəaliyyət nəticəsində üzvlərdən daxil olan müraciətlər operativ və sistemli şəkildə cavablandırılır. Əməkdaşlığımız həm üzvlərin sosial rifahının yaxşılaşdırılmasına, həm də onların peşəkar inkişafının dəstəklənməsinə əlavə imkanlar yaradır".

Son xəbərlər

Bütün Xəbər Lenti