Polis Akademiyasında beynəlxalq konfrans keçirilib

Daxili siyasət
  • 26 noyabr, 2025
  • 16:11
Polis Akademiyasında beynəlxalq konfrans keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının təşkilatçılığı ilə "Cinayətkarlığa qarşı mübarizənin aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

DİN-dən "Report"a bildirilib ki, tədbirdə Türkiyə, Macarıstan, Polşa, Moldova, Gürcüstan, Bolqarıstan, Serbiya, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Qırğız Respublikalarının nümayəndələri iştirak ediblər. Bununla yanaşı, Milli Məclis və DİN-in müxtəlif qurumlarının məsul şəxsləri, həmçinin Bakı Dövlət Universiteti, Polis Akademiyası və Milli Aviasiya Akademiyasının əməkdaşları, magistr və doktorantları da tədbirə qatılıblar.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev açıb. O, tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb və əsas məqsədin cinayətkarlığa qarşı mübarizədə innovativ yanaşmaların müzakirəsi, effektiv hüquqi mexanizmlərin təhlili və qlobal təcrübənin paylaşılması olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili, hüquq elmləri namizədi Əli Hüseynli cinayətkarlığa qarşı mübarizədə cinayət-hüquqi və kriminoloji aspektlər, müasir cinayət formaları və inkişaf tendensiyaları barədə geniş məlumat verib. Həmçinin o, cinayətlərin yeni növləri, onlara qarşı mübarizənin nəzəri və praktiki problemləri, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi perspektivləri, istintaq və məhkəmə təcrübəsi barədə fikirlər səsləndirib.

Tədbir panel çıxışlarla davam edib.

Konfrans çərçivəsində "Beynəlxalq cinayətlərin təqibinin konseptual problemləri" mövzusunda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili, hüquq elmləri doktoru Nizami Səfərov normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq sisteminin müasir çağırışlara uyğunlaşdırılması, kibertəhlükəsizlik və rəqəmsal sübutlarla bağlı yeni normativ tənzimləmələrin hazırlanmasının prioritet istiqamətlər kimi xüsusi olaraq önə çıxdığını qeyd edib.

Bundan başqa çıxış edən digər iştirakçılar hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, operativ məlumat mübadiləsinin daha da sürətləndirilməsi, birgə təlim və hazırlıq proqramlarının təşkili, mərkəzləşdirilmiş məlumat bazalarının genişləndirilməsi və elmi-analitik fəaliyyətin gücləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. Müzakirələrdə cinayətkarlığın statistik və kriminoloji təhlilinə dair yeni elmi layihələrin hazırlanması da prioritet istiqamətlərdən biri kimi qeyd olunub.

Tədbirdə iştirak edən qonaqlar beynəlxalq konfransın təşkilini yüksək qiymətləndirib və əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Konfrans işgüzar və səmərəli mühitdə başa çatıb.

Polis Akademiyasında beynəlxalq konfrans keçirilib

Son xəbərlər

Bütün Xəbər Lenti