Orta Asiya platforması Azərbaycanın üzvlüyü ilə daha da güclənir - RƏY
- 17 noyabr, 2025
- 13:52
İlk iclasını 2018-ci ildə keçirən, təhlükəsizlik, ticarət, enerji və nəqliyyat siyasətini əlaqələndirmək üçün vaxtaşırı toplanan, əvvəlcə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistandan ibarət olan Orta Asiya platforması indi daha da güclənir, onun gündəliyi, əhatə dairəsi daha da genişlənərək Azərbaycan da bu birliyə daxil olur.
Bu fikirləri "Report"a Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü formatına tamhüquqlu üzv olmasının əhəmiyyətindən danışarkən deyib. Onun sözlərinə görə, bu qərar platformanın formatını təsisçi üzvlərdən kənara çıxarması deməkdir:
"Bu rəsmi Bakıya göstərilən böyük etimad olmaqla yanaşı, onun regionun enerji və tranzit dəhlizlərində artan rolunu vurğulayır. Orta Asiya getdikcə artan geosiyasi və iqtisadi maraqların olduğu bir əraziyə çevrilir və böyük dövlətlərdən yüksək səviyyəli əlaqələri özünə cəlb edir. Bu il region liderləri Çin prezidenti Si Cinpin, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla görüşlər keçiriblər.
Dövlət başçıları Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə ortaq prioritetləri müəyyən edən birgə bəyanat qəbul ediblər, Azərbaycanın məsləhət formatında tam hüquqlu iştirakçı kimi qoşulmasını təsdiqləyiblər və Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyini dəstəkləyiblər. Onlar həmçinin Mərkəzi Asiyada Regional Təhlükəsizlik, Sabitlik və Davamlı İnkişaf Konsepsiyasını, eləcə də 2026-2028-ci illər üçün Təhlükəsizlik Riskləri və Profilaktik Tədbirlər Kataloqunu təsdiqləyiblər.
Azərbaycan Cənubi Qafqazda yerləşsə də, aktiv qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya ilə münasibətləri dərinləşdirir. Ölkəmiz vahid geosiyasi və geoiqtisadi formatlar formalaşdırır və onun əhəmiyyəti qlobal miqyasda durmadan artır. Bu işdə Mərkəzi Asiya önəmli regiondur".
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən Orta Asiya regionunun xüsusi olduğunu qeyd etdi:
"Orta Dəhlizin inkişafı Azərbaycan və Orta Asiya ölkələri üçün strateji əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Orta Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici əlaqə, körpü rolunu oynayır.
Dövlət başçımız həmçinin son üç ildə Orta Dəhliz boyunca Azərbaycandan keçən yük daşınmasının 90 faiz artdığını bildirdi. Buna görədir ki, çıxışında dövlət başçımız əsas vurğunu nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması, yük həcminin artırılması, iqtisadi dayanıqlığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın genişləndirilməsi üçün birgə səylər üzərində etdi".
Dövlət başçısının sitatlarından nümunə gətirən Aydın Hüseynov xatırladıb ki, prezident qarşıdakı illərdə illik 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillərin Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirdiyini söyləyib:
"Dövlət başçımız Mərkəzi Asiya tribunasından Azərbaycan siyasətinin mərkəzində dayanan Zəngəzur dəhlizinin tikintisinin başa çatmaq üzrə olduğunun anonsunu da, reallığını da bir daha diqqətə çatdırdı. Hər halda yükdaşıma qabiliyyəti 15 milyon tona malik dəmir yolunun ilkin olaraq Orta Dəhlizin mühüm arteriyasına çevrilməsi kimi böyük rəqəm, reallıq nəzərə alınmalı və addımlar da bu siyasi reallıqla uzlaşdırılmalıdır. Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatına qoşulması geniş coğrafi ərazidə əməkdaşlığı gücləndirəcək.
Bəli, Azərbaycanla Orta Asiya dövlətləri arasında münasibətlər xüsusidir. Bu xüsusilik türkün ənənəvi dəyərlərində gizlidir. Ənənəvi dəyərlər müasir sahələrlə birləşir. Belə ki, rəqəmsal rabitə sahəsində əməkdaşlıq böyük potensiala malikdir. Bu potensialı Azərbaycan artıq planlaşdırıb. Belə ki, Prezident İlham Əliyev qeyd etdi ki, "Rəqəmsal İpək Yolu" layihəsinə Xəzər dənizinin dibi boyunca fiber-optik kabel şəbəkəsinin qurulması planları daxildir. Xəzər dənizinin dibi boyunca elektrik kabeli çəkilməsi layihəsi qlobal bazarlara birgə elektrik enerjisi ixracı üçün böyük perspektivlər açır. Azərbaycan Cənubi Qafqaz regionunun inkişaf imkanlarını açır, öz regionumuzu inkar etmədən siyasətimizin istiqaməti Mərkəzi Asiyaya genişlənir".