Ombudsman Şəkidə vətəndaşları qəbul edib
- 23 sentyabr, 2025
- 18:45

Şəki "ASAN xidmət" mərkəzində Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin yeni ünvanda açılışı olub.
"Report" xəbər verir ki, Ombudsman Səbinə Əliyeva yeni açılan regional mərkəzin müraciətlərin daha operativ araşdırılmasına, elektron yeniliklərin tətbiqinin isə qəbul imkanlarının genişlənməsinə şərait yaradacağını bildirib.
Qəbul prosesində könüllülərin də vətəndaşlara yardımçı olacaqlarını bildirən S.Əliyeva əlavə edib ki, Şimal-Qərb Regional Mərkəzinin Şəki "ASAN xidmət" mərkəzində yerləşməsi ərizəçilərin sənədləşmə və bir çox məsələlərlə bağlı müraciətlərinin yerində həllinə imkan yaradacaq.
Ombudsman Səbinə Əliyeva daha sonra Şəki şəhərində vətəndaş qəbulu keçirib.
Müvəkkil qəbul üçün müraciət etmiş Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçıları, həmçinin, əlilliyi olan şəxslər olmaqla, 12 nəfərin hər birini fərdi qaydada qəbul edib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.