Ombudsman Anım Günü ilə bağlı bəyanat yayıb

Daxili siyasət
  • 27 sentyabr, 2025
  • 09:04
Ombudsman Anım Günü ilə bağlı bəyanat yayıb

Ombudsman 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə edərək mülki əhalinin yaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlayıb, nəticədə mötəbər beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrası təmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa edilib".

"44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq mülki əhalinin sıx məskunlaşdığı və döyüş əməliyyatları aparılan ərazidən kifayət qədər uzaqlıqda yerləşən ölkənin ən böyük şəhərlərindən birini, rayon mərkəzlərini və digər yaşayış məntəqələrini uzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından atəşə tutub", - deyə bəyanatda bildirilib.

"Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, o cümlədən "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının tələblərinə zidd olaraq qəsdən törədilmiş müharibə cinayətləri nəticəsində 100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq qətlə yetirilib, 450-dən çox mülki şəxs yaralanıb. Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq dağıdılmış və ya qəzalı vəziyyətə düşüb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha vurğulamaq istərdim ki, işğal və müharibə dövrlərində pozulmuş insan hüquq və azadlıqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin təqdim olunması, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətlə geri qayıdışı kimi beynəlxalq hüquqa əsaslanan fundamental məsələlərin təmin edilməsi olduqca vacibdir.

Bu baxımdan beynəlxalq təşkilatların, dünya dövlətlərinin, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının beynəlxalq hüquq normalarının təmini, müharibə cinayətləri törədənlərin cəzalandırılması, pozulmuş insan hüquqlarının bərpası, dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə təşəbbüs göstərmələri xüsusi önəm kəsb edir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, mülki əhalinin yaşamaq hüququnun müdafiəsi və keçmiş məcburi köçkünlərin uzun illər ərzində kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpası uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, ölkəmizə, regiona və dünyaya sülh arzu edirəm", - bəyanatda vurğulanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti