Müəllim: Çox xoşbəxtəm ki, doğma yurdum Zəngilan azaddır

Daxili siyasət
  • 06 noyabr, 2025
  • 11:21
Müəllim: Çox xoşbəxtəm ki, doğma yurdum Zəngilan azaddır
Firəngiz Heydərova

Bakı şəhəri N.A.Əliyev adına 282 nömrəli tam orta məktəbin 65 yaşlı Azərbaycan dili və ədəbiyyat müəllimi Firəngiz Heydərova doğma yurdu Zəngilan işğaldan azad edildiyinə görə çox xoşbəxt olduğunu vurğulayıb.

O, "Report"a açıqlamasında hazırda Zəfər yürüşü münasibətilə şagirdləri ilə birlikdə Şəhidlər xiyabanına ziyarət etdiyini bildirib:

"Bu gün şagirdlərimlə birgə Şəhidlər xiyabanına gəlmişik. Mən çox xoşbəxtəm, illərdir bu günü gözləyirdik. Biz Şəhidlər xiyabanını hər zaman ziyarət etmişik, lakin qəlbimizdə bir nisgil var idi. Bu gün mən, şagirdlərim, eləcə də bütün Azərbaycan xalqı xoşbəxtdir. Bu günü bizə yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçmiş şəhidlərimizə, qazilərimizə təşəkkür edirəm. Özüm də Zəngilandanam və bu gün çox sevincliyəm. Çünki doğma yurdum işğaldan azaddır. Suverenliyimiz, ərazi bütövlüyümüz təmin olunub".

Xatırladaq ki, 8 Noyabr - Zəfər Günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqların işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı.

Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.

Son xəbərlər

Bütün Xəbər Lenti